Ax necə kef çəkməli əyyam idi,
Onda ki, övladi-vətən xam idi!
Bu cümlələrin müəllifi Mirzə Ələkbər Sabir əslində özüylə gələcək yeni bir dövrə – Azərbaycan insanının aydınlanması dövrünə işarə vururdu. Bu videoda Azərbaycanın aydınlanma hərəkatının öncülərindən olan Sabirin həyat yolunu yada salacağıq.
Sabir təxəllüsü ilə tanınan Ələkbər Tahirzadə 30 may 1862-cı ildə Şamaxıda doğulub. Atası Zeynalabdin onu 8 yaşında mollaxanaya göndərir. Balaca Ələkbər isə 3 ildən sonra oradan qaçır və Seyid Əzim Şirvaninin dərs dediyi yeni üsullu “Məclis” məktəbinə üz tutur. Həmin məktəbdə Ələkbər fars ədəbiyyatı ilə tanış olur.
Atası oğlunun bu işini bəyənmir və onu məktəbdən çıxararaq öz dükanına gətirir ki, özü kimi “iş adamı” olsun. Ələkbər atasından uzaqlaşmaq üçün müəllimi Seyid Əzim kimi səyahətə çıxmaq istəyir. Dini ziyarətə adı ilə atasından icazə alıb 1884-cü ildə Orta Asiyaya gedir.
İkinci dəfə səfərə çıxandan sonra atasının ölüm xəbərini alıb təcili geriyə dönür. 1887-ci ildə isə anası Səltənət xanım Ələkbərin “əlini qolunu yığışdırmaq üçün” evləndirməyə qərar verir. Anasının “oğlan nəvə görmək” istəyi Ələkbəri 11 dəfə ata olmağa məcbur edir.
Ailə problemləri Ələkbəri yaradıcılıqdan bir müddət ayrı qoyur. 1900-cu ildə ailəsini dolandırmaq üçün qardaşı ilə bərabər Məşhədə gedir və orada iki il satıcılıq edəndən sonra Şamaxıya qayıdır. Lakin bu dəfə də Şamaxını yerlə-yeksan edən zəlzələ baş verir. Şairin evi dağılır, ailəsi və qohumları pərən-pərən olur.
Növbəti il, 1903-cü ildə Məhəmməd ağa Şahtaxtinskinin “Şərqi-Rus” qəzetində Ələkbərin “Sabir” təxəllüslü ilk şeiri çıxır. İlk işi Həsən bəy Zərdabiyə şeir həsr etmək olur, onun əməyini yüksək qiymətləndirir və onun yolunda gedəcəyinə söz verir.
Sabir bundan sonra “İrşad” və “Molla Nəsrəddin” üçün yazır, amma yaradıcılığında ən böyük yer tutan mətbuat nümunəsi şübhəsiz ki “Molla Nəsrəddin”dir. 1906-1911-ci illərdə Şərqi-Rus qəzetində birlikdə işlədiyi Cəlil Məmmədquluzadə ilə bu jurnalda çalışan Sabir bütün satirik gücünü ortaya qoymuşdu.
1908-ci ildə Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alan Sabir Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasında, daha sonra isə Bakıda “Səadət” məktəbinə işləmək istəsə də, yalnız keçmiş sinif yoldaşı Sultan Məcid Qənizadə vasitəsi ilə Şamaxıda “Ümid” məktəbində müəllim işləməyə başlayır. Lakin həmin bu məktəb 1909-cu ildə bağlanır. Gücü cəhalətdən alan qüvvələr ona işləməyə icazə vermirlər. Sabir öz dostu Qənizadəyə yazdığı məktubda deyirdi:
“Öz həmvətənlərimə xidmət etməyə himmət bağladım. Lakin bu xidmətlərə qarşı onlardan mükafat əvəzinə aldığım mücazatlara da pək ağladım. Daha taqətim, taq və səbrim başa gəlibdir. Bir daha Şamaxıda qalmağa tabü təvanım qalmayıbdır. Bir nəfər havadar və qəmxarım yoxdur. Yenə sizə ümidvar olub da dərdsər verməyə cəsarət edirəm…Lütf və mərhəmət əlinizi mənim tərəfimə uzadıb, bu cəhənnəmdən məni xilas edəsiniz…”
1910-cu ildə Bakıya gələn Sabir Zənbur jurnalında, daha sonra isə Balaxanıda Nicat məktəbində çalışır. 1911-ci ildə qara ciyərində ağır xəstəlik yaranır. Tbilisiyə müalicə üçün getsə də, nəticəsi olmur. Lakin fürsətdən istifadə edib “O olmasın, bu olsun”un tamaşası üçün şəhərə gəlmiş Üzeyir Hacıbəyovla görüşür.
Sabir son günlərini mollanəsrəddinçi dostu Cəlil Məmmədquluzadə ilə başa vurur. O, 1911-ci ilin 12 iyul tarixində Şamaxıda vəfat edir. Abbas Səhhət dostunun vəsiyyətinə sadiq qalır, ölümündən sonra “Hophopnamə”ni nəşr etdirir. Bu adı Səhhət özü Sabirin Molla Nəsrəddində dərc etdiyi ilk təxəllüsdən götürərək seçmişdi.
Azərbaycan tarixində ilk hal idi ki, dünyanın hər yerindən azərbaycanlılar Sabirin əsərlərinin çap olunması üçün pul göndərir, ianələr edirdi. Çox qısa, cəmi 49 il içərisində bir dövrdə bu qədər yaradıcılıq enerjisi az adamda tapılardı. 1911-ci ildə iyul-avqust aylarında Azərbaycanda çıxan bütün qəzet və jurnallarda Sabirdən bəhs edilir, onu Firdövsiyə, Nizamiyə tay tuturdular.
Yusif Vəzir Çəmənzəminli 1920-ci ildə əbəs yerə yazmırdı: “Sabir filosofdur, mürəbbidir, inqilabçıdır – hamısında da səmimidir.” 1922-ci ildə, müsəlman şərqində ilk dəfə olaraq bir insana heykəl qoyulmuşdu – bu heykəl Sabirin heykəli idi