Infoteka.az
İqtisadiyyat

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bununla bağlı təklif Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsində yer alıb.

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (dörd aylıq fakt - 85,8 ABŞ dolları).

2023-cü ildə ÜDM-in real ifadədə 1,8% artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9% artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Orta illik inflyasiyanın isə cari ildə 10,4% (əvvəlki proqnoza (6,9 %) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir.

Infoteka.az