Ölkəmizdə ilk dəfə elektrik avtomobillərin yürüşü baş tutacaq.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilib.
Bu proqram çərçivəsində Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) artıq bir sıra tədbirlər həyata keçirilib. Bunlardan Bakı-Mingəçevir marşrutu ilə “Yaşıl ölkə 2022” ekoloji avtomobillər yürüşü, “Avto Eko 2023” elektrik avtomobillər sərgisini misal gətirmək olar.
3 iyun tarixində baş tutacaq yürüş ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunur. Bakı-Qobustan marşrutu ilə hərəkət edəcək ekoloji avto-karvan ən yeni elektromobillərdən ibarət olacaq. AADA idarə heyətinin sədri Natiq Zərbəliyev mətbuata açıqlama verib.
“Aksiyanın məqsədi Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, Heydər Əliyev irsinin təşviqi, eyni zamanda dövlət əhəmiyyətli tarixi-bədii qoruqlara, ətraf mühitin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinə tövhə verməkdir. Təsadüfi deyil ki, yürüşün final mərhələsində məktəblilər arasında elan etdiyimiz «Gələcəyin ekoloji avtomobili» mövzusunda «onlayn» rəsm müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Qaliblərin adlarının məhz 1 iyun Uşaqların Beynəlxq Müdafiəsi Günündə açıqlanması da əlbəttə təsadüf deyil. Tanınmış avto-dizayner Samir Sadıxovun rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə ilk yerlərə Gülay Məmmədova, Nuran Nuri və Əli Mürsalov layiq bilinmişlər. Daha üç həvəsləndirici mükafat Nabat Əhmədova, Sədaqət Şirəliyeva və qardaş Türkiyədən öz rəsmini göndərmiş Handan Aydoğana təqdim olunacaq.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinin Azərbaycan ərazisində mövcud olan ən qədim insan məskənində qeyd edilməsi və eyni tədbirdə gələcəyi təsvir edən istedadlı uşaqların müvafiq diplom və mükafatlarla təltif olunması zənnimcə son dərəcə simvolik məna daşıyacaq.
“Son olaraq bu layihədə bizə təşkilati dəstək göstərmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Avtomobil Federasiyasına və eləcə də AADA-nın daimi tərəfdaşları “Mashin.Al” “onlayn” avtomobil mərkəzi və elektromobillər üçün “şarj” avadanlığı idxal edən “MLK Tech Group”a təşəkkür edirəm”, - deyə N.Zərbəliyev qeyd edib.