Ukraynada Dnepr çayı üzərindəki Kaxovka Su Elektrik Stansiyasının bəndi dağılıb. Rəsmi Kiyev bəndin dağılmasında Rusiyanı ittiham edib.
Xerson vilayətinin cənubunda yerləşən, hazırda Rusiya işğalı altında olan Novaya Kaxovka şəhərində minlərlə ev su atında qala bilər.
Xersonun regional qubernatoru Oleksandr Prokudin deyib ki, bəndin dağılmasından sonra ərazidəki azı səkkiz müxtəlif yaşayış məntəqəsi artıq su altında qalıb və səlahiyyətlilər bölgədə daha çox daşqınlara hazırlaşır.
Onun sözlərinə görə, azı 16 min insan sel suları təhlükəsi ilə üz-üzədir.
Prokudin Telegram-da qeyd edib ki, risk altında olan bölgələrdə yaşayan sakinlər avtobuslarla Xersona təxliyə olunur, daha sonra onlar paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərinə köçürüləcəklər.
O əlavə edib ki, təxliyə qatarı günorta Xersondan Mykolayv şəhərinə yola düşəcək.
Yerli idarəetmə orqanlarının sosial şəbəkələrdə yayımlanan videomüraciətində beş saat ərzində Dnepr çayında suyun səviyyəsinin "kritik" olacağı barədə xəbərdarlıq edilib.
Bəndin dağılması ilə artıq yaşayış məntəqələrini su basması görüntüləri yayılır.
Oleksandr Prokudin həm də qarşı sahildə - hazırda Rusiyanın nəzarətində olan sakinləri dərhal evlərini tərk etməyə çağırıb.
Bildirilir ki, bəndin dağılması Xerson şəhərini sular altında qoya bilər.
Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Twitter-dən bildirib ki, Rusiya Kaxovka SES-in dağıdılmasına görə məsuliyyət daşıyır.
Cənab Michel mülki infrastrukturun dağıdılmasını "açıq-aydın müharibə cinayəti" adlandırıb.
Bu iddiaların heç biri BBC tərəfindən təsdiqlənməyib.
Rusiya hadisə ilə bağlı hələlik şərh verməyib. İşğal altında olan Nova Kaxovkanın rəhbəri iddia edib ki, SES Ukraynadan atılan atəş nəticəsində zədələnib.
Tass xəbər agentliyi bölgədə fövqəladə vəziyyət elan edildiyini bildirib.

