Infoteka.az
Hərbi

Zelenski: “80-ə qədər yaşayış məntəqəsi su altında qalacaq”

“Rusiya hərbçiləri hələ ötən il Kaxovskaya Su Elektrik Stansiyasını minalamışdılar. Ona görə də Ukrayna bənddə mümkün partlayışa və fəlakətin nəticələrinə hazır idi”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı deyib.

Ukrayna Prezident qeyd edib ki, səlahiyyətli orqanlar riskləri əvvəlcədən hesablamışdılar, ona görə də Fövqəladə Hallar Xidmətinin qruplarına bununla əlaqədar təlimlər də keçirilib.

“Vəziyyət çox mürəkkəbdir. Biz başa düşürük ki, 35-dən 80-ə qədər yaşayış məntəqəsi su altında qalacaq. Biz başa düşürük ki, Dnepr, Zaporojye və Xerson vilayətlərində içməli su ilə bağlı böyük problemlər olacaq”, - Zelenski bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Kaxovskaya Su Elektrik Stansiyasının bəndi partladılıb. Ukraynanın “Cənub” operativ komandanlığı Su Elektrik Stansiyasının Rusiya tərəfindən partlatdığını açıqlayıb.

Infoteka.az