Fransa Prezidenti Emanuel Makron Türkiyəyə səfər edə bilər. Mətbuatın yazdığına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda türk vətəndaşları ilə görüşü zamanı deyib. O qeyd edib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq: "İki ölkənin xarici işlər nazirlikləri görüşün detallarını müzakirə edəcəklər”.
Qeyd edək ki, Fransa ilə Türkiyə arasında bəzi məsələlərdə müəyyən gərgin münasibətlər hökm sürür. Vəziyyətin bu cür olmasında heç şübhəsiz Fransadakı erməni diasporunun da müəyyən "rolu” var. Bu mənada, Makronun Ankaraya hələlik konkret tarixi blli olmayan səfəri iki ölkə arasında bəzi sahələrdə mövcud olan gərginliyi aradan qaldıra bilərmi?
İnfoteka.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib: "Makronun bu səfərilə Türkiyə ilə Fransa arasındakı münasibətlərdə müəyyən yumşalmalar özünü göstərməyə başlayacaq"
"Ölkə liderləri arasında üzbəüz görüşlər adətən gərginlik mövcuddursa, hər zaman münasibətlərin aydınlaşması, normallaşmasına, gərginliyin azaldılmasına xidmət edir. Bu mənada Fransa Prezidentinin Türkiyəyə olacaq səfəri də iki ölkə arasında münasibətlərdə mövcud olan gərgin münasibətlərin zəifləməsinə xidmət edəcək.
Fransa ilə Türkiyə arasında xüsusən də Aralıq dənizi hövzəsində mübahisəli məsələlər çoxdur. Bu mənada, Fransa Prezidenti Türkiyəyə gəlirsə, deməli Makron gərginliyi azaltmaq və mübahisəli məsələlərin həllini tapmaq qərarına gəlib. Buna da ancaq müsbət yanaşmaq lazımdır.
Bu səfərlə iki ölkə arasındakı münasibətlərdə müəyyən yumşalmalar olacaq. Dövlət başçıları adətən görüşərkən ədavəti artırmaq deyil, səngitmək üçün görüşürlər”.