İnfoteka.az Kulis.az-a istinadən dünən dünyasını dəyişən, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova haqqında maraqlı faktları təqdim edir.
Ruhəngiz Nağı qızı Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Valideynləri razı olmasa da, o, musiqi sahəsinə istiqamətlənib. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında “Quyu” tamaşasına musiqi, "Qızıl oğlan" musiqili nağıl xüsusi yer tutur. O, “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olarsa” və bir çox pyeslərin müəllifidir. Filmoqrafiyasında 50-ə yaxın film vardır.
“Qonşu qonşu olarsa” tamaşasının çəkilişləri zamanı Ruhəngiz xanım tamaşa üçün lazım olan rekvizitlərin çoxunu evindən gətirib. O, müsahibələrinin birində bu barədə deyir:
“Tamaşada masada yeyilən borşu mən bişirmişəm, evdən kotlet də gətirmişəm. Divardan asılan saatı, yapon qızlarının şəkli olan təqvimi, tamaşada iştirak edən aktrisa Səidə Quliyevanın əynindəki yapon xalatını da mən gətirmişdim”.
Bəstəkarın atası 54 yaşında dünyasını dəyişib. Həmin günlərdə isə Yuri Qaqarin kosmosa uçub. Atası vəfat edən zaman Ruhəngiz xanımın iyirmi yaşı olub. O, həmin günləri xatırlayarkən deyir:
“Bəlkə də, Qaqarin kosmosa uçmasaydı biz dərd içində boğulardıq. Neyçün? Aprelin 8-də mənim atam 54 yaşında dünyasını dəyişdi. Atamın yeddisini verməyə hazırlaşırdıq, xəbər gəldi ki, Qaqarin kosmosa uçub. Süni peyklərin orbitə getməsindən, Laykanın uçmasından xəbərimiz vardı deyə insanın uçmağı da gözlənilən idi. Əlbəttə, bu, çox möhtəşəm idi. Ondan sonra Tereşkova, Nikolayev, Titov uçmuşdu. Artıq biz sovet vətəndaşlarının kosmosa uçmağını adi şey kimi qəbul edirdik”.
Ruhəngiz Qasımova çox gec 75 yaşı olanda, Yazıçılar Birliyinə üzv olub. Özünüzü daha çox bəstəkar, yoxsa yazıçı hesab edirsiniz sualına isə bəstəkar belə cavab verib:
“Musiqi bəstələyəndən sonra hücum çəkirəm yazı masama və makinama. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm. Fikrət Qoca mənə zəng edib təzə mahnı mətnlərini deyir. Bizim işləmək prinsipimiz çox orijinaldır. O bilir ki, mən makinadan çıxan mətn ilə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o gərək diktə eləsin, mən əllə yazım. Hər gün mütaliə edirəm. İyirmi ildir “Soverşenno sekretno”, “Sobesednik” və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord eləyəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdirlər. Sonra mən nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm. Mən “azartnı” adamam. Riskə getməyi xoşlayıram. Xaricdə olanda mütləq kazinoya gedirəm və uduram da. Əlim gətirir. Belə oyunları oynayanda adamın içindən adrenalin çıxır.
Bəstəkar bir çox müğənnilərlə iş birliyində olub. Son dövrlər isə o bəyəndiyi müğənnilərin adını çəkərkən bu siyahıya Rəqsanəni də əlavə edərək onun çox gözəl səsi, amma az savadı olduğunu deyib.
***
16 dekabr 2021-ci ildə bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın həyat yoldaşı Vasif Süleymanov vəfat edib.
Ruhəngiz Qasımova ötən gün 82 yaşında vəfat edib. Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın sözlərinə görə o, Honq-Konqda yaşayan qızının yanında vəfat edib:
“Təxminən, 20 gün öncə qızının yanına – Honq-Konqa getmişdi. İndi bilmirəm Honq-Konqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq onu bilirəm ki, Azərbaycanda deyil. Bilmirəm, qızının yanından gətirilib burada dəfn olunacaq, ya yox. Çünki oradan bura gətirmək böyük xərc tələb edir. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki! Ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar”.
***
Bəstəkar son illər qatıldığı verilişlərin birində özü haqqında belə deyir:
“Mən Bakıda doğulmuşam, burda böyüyüb, buranı havasını udmuşam. Honq-Konqa qızımın yanına gedəndə, darıxıram. Çünki orada heç kim məni telefonla axtarmır. Amma burda üç mobil telefonum, iki ev telefonum var. Hər gün o telefonlardan mənə zənglər gəlir. Nə zaman, o zənglər sussa, deməli onda mən də olmayacam”.