Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" tədbirləri ilə bağlı əhaliyə müraciət edib.
İdarədən verilən xəbərə görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əhaliyə müəyyən çağırışlar olunub:
"Əziz müəllimlər, valideynlər və şagirdlər!
Hər birinizi “Son zəng” günü münasibətilə təbrik edir, məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayırıq!
Son illərin təcrübəsi göstərir ki, bəzən şagirdlər “Son zəng” günü valideynlərinə və ya qohumlarına məxsus nəqliyyat vasitələrindən istifadə edərək əyləncə təşkil etmək məqsədilə sükan arxasına əyləşirlər. Lakin, unutmaq olmaz ki, avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi olduqca təhlükəli əməldir.
Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Çox təəssüf ki, bəzən bu cür səhlənkarlığa yol verən valideynlərə rast gəlinir ki, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır faciələr yaşanır.
Əziz məzunlar, yaddan çıxarmayın ki, sizin gələcək həyatınızda hər bir uğurunuz valideynləriniz və bizim üçün çox vacibdir. Yol hərəkəti qaydalarına əməl etməklə siz, doğmalarınızın və başqalarının həyatına da dəyər vermiş olursunuz.
Bir daha “Son zəng” gününü qeyd edən məzunlarımıza uğurlar, can sağlığı və həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzulayırıq!"