Infoteka.az
Sosial

Azərbaycanın və Türkiyənin birinci xanımları Yaradıcılıq Mərkəzi ilə tanış olublar

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıdakı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqlara Mərkəz haqqında məlumat verib.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi həssas əhali qruplarından olan şəxslər, o cümlədən şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etmək, onlara sosial-psixoloji dəstək göstərməkdir. Təxminən ilyarım əvvəl yaradılan Mərkəzdə hazırda 14 istiqamət üzrə 180-dən çox benefisiarın təlim aldığı diqqətə çatdırılıb.

Qonaqlar Mərkəzdəki audio-səsyazma, floristika və landşaft dizaynı, metal və ağac üzərində oyma, xalçaçılıq, toxuma və tikmə, keramika, musiqi, təsviri sənət studiyalarında keçirilən təlimlərlə, o cümlədən kitabxana ilə tanış olublar.

Azərbaycan və Türkiyənin birinci xanımları Mərkəzin təlimçiləri və təlim alanlarının, inklüziv kamera orkestrinin ifasında musiqi nömrələrini dinləyib, benefisiarların əl işlərindən ibarət sərgi ilə tanış olub, onlarla şəkil çəkdiriblər.

Sonda qonaqlara hədiyyələr təqdim olunub.

Infoteka.az