İyunun 14-də Bakı şəhəri Xətai rayon Humanitar Fənlər təmayüllü məktəb–liseydə “Son zəng” tədbiri keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, məktəb rəhbərliyi, valideyn və şagirdlər iştirak edib. İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Məktəb liseydən "infoteka.az" saytına verilən xəbərə görə, “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəb liseyin direktoru Nəzakət Əsgərova mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb. N.Əsgərova bildirib ki, məktəbdə 1010 şagird təhsil alır. Onlardan 37 nəfəri bu il məzun adını qazanır. Valideynləri, şagirdləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edən direktor məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən Təhsil Nazirliyi əməkdaşı E.Əliyev “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Bildirilib ki, təhsil sahəsində əldə edilən uğurlar dövlət başçısının təhsilə göstərdiyi qayğının və təhsil işçilərinə göstərilən etimadın nəticəsidir.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi M.İbrahimov məzunlara müvəffəqiyyətlər arzulayıb. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən icra nümayəndəsi onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.
"Son zəng" tədbirində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.
Həmçinin, tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə Fəxri fərman və diplomlar verilib.
Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Sonda “Son zəng” çalınıb, səmaya göyərçinlər buraxılıb.
Səbuhi Novruzov