Infoteka.az
Sosial

İlham Əliyevdən qeyri-yaşayış təyinatlı bəzi tikililərlə bağlı fərman

Prezident İlham Əliyev Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 

Fərman qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə imzalanıb. 

Sənədlə müəyyən edilir ki, 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) 2025-ci il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən bir iş günü müddətində qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir;

2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə, habelə qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir;

3. Nazirlik daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 15 iş günü müddətində qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda isə, həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi əsasında qeyri-yaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir. Nazirlik bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən bir iş günü müddətində qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərir;

4.  Mərkəz bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən göndərilmiş layihəni və rəyi aldıqdan sonra üç iş günü müddətində həmin sənədləri kameral şəraitdə təhlil edir və qeyri-yaşayış binası barədə məlumatları Tikintilərin Dövlət reyestrində uçota alınmaq üçün Komitəyə təqdim edir;

5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 5 iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir. Eyni zamanda beş iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür. Bundan başqa, bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən iki iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir.

Bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət bu müraciəti edən şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı olduğu halda şəxs müraciətinə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin surətini, müraciət başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin xüsusi mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı olduqda isə müraciət edən şəxs müraciətinə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini əlavə edir.

Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir:

1. dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra;

2. bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq bələdiyyə tərəfindən həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra.

Bu Fərmanın 1.4-cü bəndində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə satılması və ya icarəyə verilməsi tələbi qeyri-yaşayış binasının “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən fiziki şəxslərin qanuni istifadəsində olan və əvəzsiz olaraq onların mülkiyyətinə verilən torpaq sahəsində yerləşdiyi hallara şamil edilmir.

Bu Fərmanın məqsədləri üçün qeyri-yaşayış binasının yerləşdiyi və fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri torpağın ayrılması barədə və ya torpağa dair hüquqmüəyyənedici sənədlərdə göstərilən, yaxud tikinti layihəsində əks olunan tikinti ərazisinin hüdudları ilə müəyyən olunur. Belə sənədlər olmadığı hallarda fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri qeyri-yaşayış binasının tikinti sahəsindən az olmamaq şərtilə Xidmət tərəfindən müəyyən olunur.

Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir.

Şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir.

Qeyri-yaşayış binasının sifarişçisi (sahibi) bu Fərmanın 1.1.3-cü yarımbəndinin 2-ci abzasına əsasən göndərilən rəydə göstərilmiş çatışmazlıqları aradan qaldırdıqda, bu Fərmanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Nazirliyə müraciət edə bilər.

Infoteka.az