Infoteka.az
Sosial

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.

Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün hazır vəziyyətə gətirilib. Yaradılan bütün imkanlar ödənişsiz istifadə üçün nəzərdə tutulub.

Bu il, həmçinin Sahil çimərliyində əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə lazımi şərait yaradılıb. Belə ki, sözügedən çimərlikdə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb. 

Qeyd edək ki, bu infrastruktur ölkədə ilk dəfə olaraq Şıx çimərliyində yaradılıb və gələcək illərdə digər ictimai çimərliklərdə də yaradılması nəzərdə tutulur. Nümunəvi ictimai çimərliklərin sayının artırılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

Xatırladaq ki, 2023-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsulları tətbiq etməklə monitorinqlər keçirilib.

Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.

Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda, respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.

Aparılmış monitorinqlər zamanı həmin ərazilərdən götürülmüş dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.

Infoteka.az