Infoteka.az
İqtisadiyyat

Çexiya Azərbaycanla qaz sazişi imzalamağa çalışır

 

Çexiya SOCAR ilə Azərbaycandan qaz tədarükünə dair ortamüddətli və uzunmüddətli sazişlər imzalamağa çalışır.

Bu barədə Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela deyib.

“Çexiya ilk növbədə Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır. Ölkəniz artıq Avropada etibarlı qaz tədarükçüsü kimi tanınır. İndi Rusiyadan tədarükləri 10 ay ərzində sıfıra endirməyə nail olduğumuz bir vaxtda təchizat zəncirimizi yenidən qururuq. Artıq qurduğumuz müsbət əməkdaşlığı nəzərə aldıqda burada Azərbaycan böyük töhfə verə bilər”, - deyə o bildirib.

Nazir, həmçinin Azərbaycanın ekoloji təmiz hidrogen və ekoloji təmiz ammonyak istehsalında böyük potensiala malikdir. Burada Çexiya şirkətləri də öz təcrübələri ilə böyük töhfə verə bilərlər.

“Azərbaycanın rəsmi şəxsləri ilə danışıqlarımızda rəhbər komitənin növbəti iclasını Bakıda keçirmək barədə razılaşdıq və əməkdaşlığın gələcək imkanlarını müzakirə etmək üçün özümüzlə çexiyalı biznesmenlərin böyük nümayəndə heyətini gətirməyi planlaşdırırıq”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Çexiyanın Azərbaycandan idxalını yağ (Çexiyanın bütün yağ idxalının təqribən 25 faizi), pambıq, çərəz və qoz-fındıq təşkil edir. Bu ilin birinci rübündə iki ölkə arasında əmtəə dövriyyəsi 293 milyon dollar olub ki, bunun da 270,78 milyon dolları Çexiyaya ixracın, 22,8 milyon dolları isə ölkədən idxalın payına düşüb.

Infoteka.az