İyunun 17-si saat 14:30-dan 14:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutublar.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Qeyd edək ki, iyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.