Infoteka.az
Dünya

Gizli qalmış məkanlar

Bu yazıda  əsasən Avropanın gizli qalmış, az tanınan  və bir çox insanın getmədiyi yerlərdən bəhs edəcəyik.

Brisighella
İtaliyanın Boloniya şəhərinin cənubunda yerləşən bu kiçik qəsəbəyə "Orta əsrlər nağılı" da deyilir. 7500-dən artıq əhaliyə sahibdir. Brisighella zəngin  tarixə və orijinal mədəniyyətə sahib bir yerdir.” La Rocca” qalası, “ La Torre” saat qülləsi və  “Monticino” kilsəsi kimi tanınan üç möhtəşəm təpənin arasında yerləşir.Əgər təbiətlə iç-içə olmaq, qədim memarlıq abidələri ilə yaxından tanış olmaq istəyirsinizsə  Brisighella mütləq ziyarət etməli olduğunuz yerlərdən biridir. Buranın restoran və kafelərində dünya səviyyəli çoxlu şərab, zeytun yağı və jelatonu dadma imkanı tapacaqsınız.

Mittenvald
Almaniyada yerləşən və az tanınan şəhərlərin sırasına Mittenvald şəhəri də daxildir. Bura sanki nağıllardan çıxmış qədər heyrətamiz gözəlliyə malikdir. Əslində Mittenvaldın Almaniyanın güclü avtomobil sənayesinin yaxınlığında yerləşməsini  nəzərə alsaq, necə bu qədər gizli qala bilməsi təəccüb doğurur.Turist izdihamından uzaq, eyni zamanda, canlı, tarixi abidələrlə zəngin, alman yeməklərinin ən yaxşılarını bu məkanda dada biləcəyiniz və ən əsası bunun qarla örtülü dağları olan möhtəşəm mənzərəsi ilə insanı valeh edir. Qəsəbənin ətrafında yerləşən Karvendel Alpları buranı qışda xizək sürmək və yayda gəzinti üçün cəlbedici yerə çevirir.Burada təxminən 7500 insan yaşayır. Rəngarəng memarlığı və evlər üzərində bir sənət əsəri kimi çəkilən rəsmləri şəhəri o qədər zövqlü göstərir ki, vurulmamaq əldə deyil. Yüz illərlə tarixə malik olan evləri sanki dünən tikilmiş qədər müasir və ən əsası da sağlam görünüşə sahibdir. Buraya səyahət etsəniz mütləq “Altstad”t və ya “Old Town”ı gəzmək üçün vaxt ayırın. Daha bir maraqlı fakt da budur ki, Mittenvald skripka sənətində uzun bir tarixə və irsə sahibdir. Buna görə bura  "Skripka kəndi" adlanır.  Qeyd edək ki,    17-ci əsrdə burada  incəsimli alətləri istehsal edən Klotz ailəsi idi. 19-cu əsrə qədər skripkalar Avropada o qədər məşhur idi ki, Mittenvalddakı hər bir ailə müəyyən bir şəkildə onları hazırlamaq və ya satmaq prosesində iştirak edirdilər.

Folegandros
Yunanıstan bir çoxlarının sevdiyi və turistlərin tez-tez baş çəkdikləri ölkələrdən biridir. Ancaq bu dəfə Afina və ya Santorinidən daha fərqli bir yerdən bəhs edəcəyik. 1000-ə yaxın  sakini və sadəcə 32 kv. km ərazisi ilə Folegandos məşhur Santorini yaxınlığındakı Sisladesinin cənub kənarında kəşf edilməmiş bir adadır. Onun toxunulmamış çimərlikləri və arxitekturası hər kəsi valeh edir. Təmizliyi və rəngi ilə insanı valeh edən suları Karavostassis, Vitzetzo və Hohlidia kimi çimərlikləri mütləq ziyarət etməli olduğunuz yerlərdəndir. Bu ada Xoranın qəbiristanlığından  tutmuş “Panagia” kilsəsinə qədər möhtəşəm qürub mənzərələri izləyərək gedilən yol  gəzintiləri üçün inşa edilmişdi. Buraya gəldikdə isə məşhur matsata və ya  pomidor sousu ilə təqdim olunan qızardılmış quzudan  dadaraq fərqli təcrübələr qazana bilərsiniz.

Pag adası
Xorvatiya bir ölkə olaraq bir zamanlar Avropanın gizli qalmış və ən az ziyarət olunan yerlərindən biri idi. Lakin burada hələ də tanınmayan, kəşf olunmayan və ya az bilinən yerlər çoxdur. Elə Pag adası da onlardan biridir.Pag adası Xorvatiyanın Adriatik dənizindəki 1200 adasından biridir. Bu adaların bir çoxu tropik olmağa meyilli və sıx bitki örtüyü olması ilə tanınır. Ancaq Pag adasının bu adalardan fərqi odur ki, o yer planetindən daha çox aya bənzəyir. Burada çaylar və ağaclar yoxdur, tam əksinə, quraq mənzərə, ağ daşlar və çoxlu duzla örtülmüşdür.  Maraqlıdır ki, Pag adası da qoyun südü, pendiri ilə məşhurdur. Buranın pendiri  Xorvatiyanın ən yaxşı pendiri hesab olunur.  Onu mütləq yerli ağ şərab Pag Zutica və Pag lamb ilə dadmaq məsləhətdir.

Setenil de las Bodegas
İspaniya dedikdə hər kəsin ilk olaraq ağlına Madrid və Barselona şəhərləri gəldiyinə əminik. Setenil de las Bodegas İspaniyanın cənubunda yerləşən və qayalara bürünmüş kiçik bir qəsəbədir. Bu isə o deməkdir ki, buradakı insanlar demək olar ki, bir qaya altında yaşayırlar. Fərqli  gözəlliyi və ecazkar havası ilə seçilən bu qəsəbənin  əhalisi  təxminən 2700 nəfərdən bir az çoxdur. Çox maraqlıdır ki,  bu qəsəbədə evlər tamamilə ağ rəngə boyanmışdır. Nazari qalası və La Encarnacion kilsəsi buranın  gəzməli, görməli yerlərindəndir. Nazari qalası təpənin başında yerləşir və əslində 13-cü əsrdə bir ərəb qalası idi. Qalanın orijinal qüllələrindən başqa digər bütün qüllələri son mühasirədən sonra dağıdıldı. Ancaq nə olursa olsun, şəhərin mükəmməl mənzərəsinə tamaşa etmək istəyirsinizsə, bu qalaya baş çəkməyə dəyər.

“La Encarnacion” kilsəsinin də maraqlı bir tarixi var. O, 1500-cü illərin əvvəllərində qotik memarlığını təcəssüm etdirmək üçün tikilmişdi. Ölkənin ən görkəmli və dəbdəbəli kilsələrindən biri olmaya bilər, lakin bütün kiçik ispan qəsəbələrinə xas olduğu kimi çox sakit və dinc bir auraya malikdir.

 Dünyanın ən unikal yerlərindən biri kimi, tanınan bu qəsəbənin  uzun müddətdir qayalıqlar altında özünü necə qoruyub saxlaya bilməsi çox maraqlı və möcüzəvi bir hadisədir

Infoteka.az