Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC 2022-ci ili 8,688 milyon manat zərərlə başa vurub.
Bu, 2021-ci illə müqayisədə 37% çoxdur.
Son nəticədə dövlət şirkətinin yığılmış zərəri 9,8% artaraq 97,177 milyon manata çatıb.
Ötən il “Şahdağ Turizm Mərkəzi”nin birja əməliyyatlarından gəlirləri 9,608 milyon manat (əvvəlki ilə nisbətən 56,3% çox), qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 12,077 milyon manat (13,6% az), sair gəlirləri 0,784 milyon manat (38,4% az), satışının maya dəyəri 12,044 milyon manat (16,9% çox), inzibati xərcləri 16,299 milyon manat (11,2% çox), maliyyə xərcləri 153 min manat (8,1 dəfə çox), gəlirdən çıxılan vergilər üzrə xərcləri isə 2,66 milyon manat (4,1% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Şahdağ Turizm Mərkəzi”nin aktivləri 302,204 milyon manat olub ki, bu da illik müqayisədə 3,1% azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 37,3% azalaraq 1,874 milyon manata, balans kapitalı isə 2,8% azalaraq 300,33 milyon manata düşüb.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 397,507 milyon manatdır. Şahdağ Milli Parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.