Dünyada zaman anlayışının az qalan günbəgün, saatbasaat sürətləndiyi indiki dövrdə ən müxtəlif fəaliyyət sahələrində baş verən qlobal dəyişikliklər, insanların qidalanmasına, yemək menyusuna da ciddi təsir göstərib. Məxsusi dada malik, "fast-food" adı ilə tanınan əlüstü yeməklər də məhz çaparaq həyət tərzindən bizə miras qalan vərdişlərdəndir. Bir çox xarici ölkələrdə əsasən kasıb təbəqələr üçün nəzərdə tutulan "fast-food" məhsullarına Azərbaycanda aşağı və orta təbəqədən əlavə, daha çox gənc nəsil, ələlxüsus da tələbələr üstünlük verirlər. Elə bu səbəbdən də, təsadüfi deyil ki, xüsusilə şəhər ortamında belə qidaların ticarətinə meyl xeyli artıb.
Bu da dediklərimizin əyani təsdiqi. Bu yaxınlarda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsinin Menecment, Dövlət və bələdiyyə ixtisası tələbələrinin müxtəlif mövzuları əhatə edən araşdırma əsaslı təqdimatlarında mövzulardan biri də gənclərin üstünlük verdikləri yemək məkanları ilə bağlı olub. Bakıda 570 nəfər arasında aparılan sorğuda "fast-food" məkanları "qalib gəlib". İdarəçilik Akademiyasının 83, Bakı Dövlət Universitetinin 65, İqtisad Universitetinin 139, Pedaqoji Universitetin 44, ADA-nın 15 nəfər tələbəsinin iştirak etdiyi sorğuda 18-25 yaş arası respondentlərin əksəriyyəti "Mc'Donalds", KFC, "Cafe City" və bu kimi əlüstü yemək məkanlarına üstünlük veriblər.
"Fast-food" sənayesinin hədəfi xüsusilə uşaq və gənclərdir. Uşaqları cəlb etmək üçün əsasən məşhur cizgi filmlərinin surətlərindən də istifadə edilir. Cizgi filmləri və reklamlarda əlüstü yeməklərin qəbul edilməsi tez-tez qabardılır. Hətta bir çox "fast-food" məkanlarında uşaq menyuları belə var.
Mütəxəssislər, əsasən də həkim-pediatrlar "fast-food" yeməklərlə bağlı elə də nikbin düşünmürlər. Xüsusilə də uşaqların əlüstü qidalara meyl göstərmələrini mənfi tendensiya sayanlara görə, uşaq orqanizminin tələb etdiyi bəzi maddələr yalnız təbii qidaların tərkibində olur. Onların fikrincə, belə qidalar aclıq hissini öldürsə də, uşaqların orqanizminə daha çox zərər vurur, konservantdan hazırlanmış, konservləşdirilmiş qidalarda bioaktiv maddələrin səviyyəsi aşağı düşür. "Fast-food" yeməklərlə mütəmadi qidalanma zamanı orqanizm lazım olandan çox natrium qəbul edir ki, bu da ürəyə və qan damarlarına mənfi təsir göstərir. Duzlu qidalara həssas olan insanlar uzun müddətdə yüksək qan təzyiqi, infarkt, insult və ürək çatışmazlığı kimi xəstəliklərlə qarşılaşırlar. Mütəxəssislər dünyanı cənginə alan xərçəng, həzm sisteminin pozulması kimi xəstəliklərin də yaranma səbəbini əlüstü yeməklərlə qidalanmada görürlər.
Sağlam qida təbliğatçısı Asim Vəliyev açıqlamasında "fast-food" qidalara qatılan kimyəvi qatqıların insanda asılılıq yaratdığını deyir: "Fast food" qeyri-sağlam qidalanma tərzidir. Fruktoza siropu, mononatrium qlutamat, hidrogenləşdirilmiş bitki yağları, rafinə edilmiş duz, dadlandırıcılar və "fast-food"a qatılan digər kimyəvi qatqı maddələri insanda asılılıq yaradır. Aparılan araşdırmalar göstərir ki, davamlı olaraq bu cür qidaların qəbulu insanlarda ürək-damar xəstəlikləri, şəkərli diabet, onkoloji və bir çox digər xəstəliklərə səbəb olur. Xərçəng şişlərinin çox hallarda qlükoza və şəkər tozu ilə qidalanmaya bağlı olduğuna dair araşdırmalar da mövcuddur.
"Fast-food" yeməklərin hazırlanmasında daha çox ağ undan hazırlanmış çörəyə üstünlük verilir. İki dilim çörək iki yemək qaşığı şəkər tozundan daha çox qan şəkərini yüksəldir. Asılılıq yaradan "fast-food" qidalardan biri də çipsilərdir. Alimlər çipsinin xərçəng xəstəliyindən köklüyə, şəkər xəstəliyindən sonsuzluğa qədər bir çox xəstəliyə səbəb olduğunu bildirir. İçində yüzdə on faiz doymuş yağ, yüzdə üç faiz trans yağ olan çipsilərdən gündə qəbul edilən 35 qramlıq bir paket il ərzində 5 litr zərərli yağ ilə müqayisə olunur. Çipsilərin tərkibindəki "akrilanudin" adlı kimyəvi maddə plastik istehsalında istifadə edilir. Təəssüf ki, çipsilər ölkəmizdə marketlərdə uşaqların əli çatan yerdə satılır. "Fast-food" məkanlarda uşaqların sevimli qidasına çevrilmiş qızardılmış kartof frilərdə də güclü antioksidləşdiricilər istifadə olunur.
Bu, kartofun bir il müddətinə qaralmadan təzə görünüşlü qalması üçündür. Belə antioksidantlar şaurmalarda, pirojkilərdə və bir çox salatlarda da istifadə edilir".
Mütəxəssisin sözlərinə görə, "fast-food" qidalara asılılıq yaradan kimyəvi qatqılardan biri də "MSG" olaraq tanınan mono-natrium qlutamat (E621) maddəsidir: "Təxminən 100 il əvvəl kəşf edilən bu maddə "Çin duzu" kimi tanınsa da, əslində duz deyil. Ən böyük MSG istehsalçısı, illik gəliri 30 milyard dollar olan Yaponiyanın biotexnologiya şirkəti Ajinomoto bu maddənini dünya üzrə üçdə bir hissəsini istehsal edir. Bu maddədən sosiska, kolbasa, hamburgerlər, hazır suplar, çipsi, kraker, saqqız, biskvitlər, salat sousları və yüzlərlə digər məhsulların hazırlanmasında istifadə olunur".
Qeyd edək ki, yağı ən son nə vaxt dəyişdirildiyi bilinməyən qızartma məhsullar gənclərin üstünlük verdikləri qidalardandır. Bu qidalara küçə ticarətində daha çox rast gəlinir. Metro stansiyalarının hər çıxışında "fast-food" qidaları gəncləri ev yeməyindən ayrı salır, gələcəkdə yaranacaq xəstəliklərlə təhdid edir. Araşdırmalarda sübut olunub ki, şəhər adamları kənd adamlarına nisbətən aqressiv olur, yaddaş problemindən şikayətlənir. Hətta qatı cinayətlərin törədənlərin statistikası aparılıb və aqressiv davranışına, törətdiyi cinayətin ağırlığına görə şəhər adamı kənd adamından fərqlənib. Mütəxəssislər bütün bəlaların qidalanmadan qaynaqlandığını deyirlər. Amerikalı məşhur uşaq xəstəlikləri mütəxəssisi, professor Robert Lyustiq xəbərdarlıq edir ki, əgər şəkərli qidaların qəbulu dayandırılmasa, gizli şəkər xəstəliyi son 20 ildə artdığı kimi bundan sonra da artmaqda davam edəcək və dünya sağlıq sistemi bu yükü qaldıra bilməyəcəyinə görə 2026-cı ildə iflas etmiş olacaq.
Dietoloq Ceyhunə Yusifovanın fikrincə, "fast-food" yeməklər sürətlə hazırlandığına, istehsalının və daşınmasının asanlığına görə insanların seçim zamanı üstünlük verdiyi qidalardır: "Təxminən 12 min nəfər arasında aparılan sorğuda iştirak edən respondentlərin 44 faizi "fast-food" qidalar istehlak etdiklərini söyləyiblər. Tamamilə zövq üçün hazırlanmış bu məhsulları arzulamaq üçün bir çox səbəb var. Elm adamları hamburger və qızardılmış kartof kimi qidalarda olan bəzi maddələrin beyindəki asılılıq mərkəzini tətiklədiyini bildirirlər. Dünyanın ən məşhur "fast-food" markası "Mc'Donaldsın" yüzlərlə ölkədə açılan minlərlə filialları milyonlarla müştəriyə malik geniş şəbəkəyə malikdir. Son araşdırmalarda kola içkilərinin də asılılıq yaratdığına dair tapıntılar var. Tərkibindəki maddələrdən birinin güclü aludəçilik yaratdığı və bununla da gənclər arasında ən azı 2-2,5 litr kola istehlakına səbəb olduğu bildirilir. Vitamin və minerallar baxımından qida keyfiyyəti aşağı olan "fast-food"larla qidalanan insanların immun sistemi sağlam qidalarla qidalananlara nisbətən daha aşağı olur. Tərkibindəki yüksək natrium səbəbiylə "fast-food" qidalar qan təzyiqi problemlərinə və infarkta yol açır".
Bəs bu asılılığı necə azalda bilərik? Ekspertlərin sözlərinə görə, "fast-food" məhsullarının bəslənmə dəyəri çox aşağıdır və tərkibindəki vitaminlər, enerji balanslı deyil. Sağlamlığı qorumaq üçün gündəlik bəslənmə 3-4 mərhələyə bölünməlidir. Bir pay "fast-food" yeyilərsə, günün digər saatlarında qida seçiminə diqqət etmək lazımdır. Qəbul etdiyiniz qida çox enerjilidirsə, ondan sonra həzmi asanlaşdıran meyvə və tərəvəzlə zəngin salatlar yemək məsləhət görülür.
Daxili xəstəliklər uzmanı Nəbi Absalamov isə digər mütəxəssislərdən fərqli olaraq, bu qidalarla bağlı düşüncələrin şişirdildiyi qənaətindədir: "Fasd-food" və ya digər qidaları az miqdarda qəbul etdikdə orqanizmdə heç bir problem yaratmır. "Fasd-food"un tərkibinə müəyyən qədər rəngləndirilmiş və dadlandırıcı konservantlar vurulur. Qatqılar toplandlqca orqanizmdə ciddi fəsadlara yol açır. Amma həftədə bir və ya iki dəfə qəbul edilsə, bu yeməklərin orqanizmə heç bir ziyanı olmaz. İşlətdiyimiz telefonlara "fast-food" qidalarla müqayisə etsək görərik ki, telefonlar orqanizmə o yeməklərlə müqayisədə 10-20 qat daha çox ziyan vurur".
Son zamanlarda müxtəlif qablaşdırmalarda satılan hazır şorbaların da istifadəsi geniş yayılıb. Cəmi 5-10 dəqiqəyə hazır olan belə məhsulların insan orqanizminə vurduğu zərəri heç nə əvəz etmir. Araşdırmalara görə, həmin məhsulların tərkibində heç bir vitamin yoxdur. Hesablamalar göstərir ki, gün ərzində yetkin insan orqanizmi üçün 6 qram duz lazımdır. Belə şorbalarda isə duzun miqdarı çox olur. Halbuki 100 qramlıq hazır şorbada ortalama 0,6 qram duz olmalıdır. Amma heç də bütün şirkətlər bu normaya diqqət etmirlər ki, bu da təzyiq və iflic riskini artırır.
Havar ŞƏFİYEVA