Fransada polis müqavilələr üzrə maliyyə fırıldaqları və yay oyunları üçün infrastrukturun qurulması və yaradılmasında dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı iki “ilkin araşdırma” ilə əlaqədar 2024-cü il (Paris-2024) Olimpiadasının təşkilat komitəsinin ofislərində reyd keçirib.
Bu barədə CNN xəbər verir.
Komitənin sözçüsü Conatan Firpo maliyyə polisinin göstərişi ilə təşkilat komitəsinin qərargahında axtarışların aparıldığını təsdiqləyib:
“Biz istintaqla tam əməkdaşlıq edirik”.
Araşdırmalardan biri 2017-ci, ikincisi isə 2022-ci ildə başladılıb.
Fransa Milli Prokurorluğu bildirib ki, polis bir neçə obyektdə, o cümlədən Olimpiadanın ofislərində və Parisdəki oyunlar üçün tikinti və infrastrukturun böyük hissəsinə cavabdeh olan dövlət orqanı SOLIDEO-nun baş qərargahında reyd keçirib.
Yay Oyunlarının gələn il iyulun 26-dan avqustun 11-dək keçirilməsi nəzərdə tutulub. Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.