ABŞ-nin yüksəkrütbəli milli təhlükəsizlik rəsmiləri “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinin “ədalət yürüşü”ndən iki gün əvvəl - iyunun 21-də onun Rusiya müdafiə rəsmilərinə qarşı hərbi əməliyyatlar aparmağa hazırlaşdığına dair sübutlara malik olublar.
Bu barədə “New York Times” öz mənbələrinə istinadla bildirib.
ABŞ-nin Priqojinin planlarından ilk dəfə nə vaxt xəbər tutduğu dəqiq bilinmir. Amma çərşənbə günü kəşfiyyat rəsmiləri prezident administrasiyasının və müdafiə departamentinin nümayəndələri ilə brifinqlər keçiriblər. Cümə axşamı günü, daha çox dəlil əldə olunandan sonra, kəşfiyyat rəsmiləri Konqres liderlərindən ibarət kiçik bir qrupa məlumat veriblər.
Mənbədən bildirilib ki, kəşfiyyat xidmətləri Priqojinin hərbi əməliyyatlarının nəticəsinin necə olacağı barədə proqnoz verə bilməyiblər, lakin bunun Rusiyanın nüvə silahı arsenalına nəzarətə necə təsir edə biləcəyindən narahat olublar.
Qəzet xatırladır ki, ABŞ Prezidenti Co Bayden ötən ilin oktyabrında Vladimir Putinin özünü küncə sıxışdırılmış hiss edəcəyi təqdirdə yarada biləcəyi təhlükədən danışmışdı.