"Qırğız Respublikası iki ölkə arasında dövlətlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanı etibarlı dost və tərəfdaş hesab edir”.
İnfoteka.az xəbər verir ki, bunu Qırğız Respublikası Prezidenti Sadır Japarov bu gün Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında deyib.
O, Azərbaycan-Qırğız Respublikası arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayıb: "Məqsədimiz siyasi dialoqu gücləndirmək, daha sıx iqtisadi əlaqələr qurmaq və inkişaf etdirmək, o cümlədən iri investisiya layihələrini birgə həyata keçirmək, beynəlxalq platformalarda fəal qarşılıqlı fəaliyyət göstərmək, eləcə də mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirməkdir.
Qarşımızda ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq sahələrində yeni perspektivli imkanlar açılır, həmçinin sülh, təhlükəsizlik, yeni çağırışlar və təhdidlərə qarşı mübarizə də daxil olmaqla bir sıra aktual beynəlxalq və regional problemlər üzrə tam qarşılıqlı anlaşma və mövqelərin yaxınlığı mövcuddur”.
S.Japarov əmin olduğunu bildirib ki, birgə səylər nəticəsində hər iki tərəf beynəlxalq təşkilatlar və regional birliklər çərçivəsində konstruktiv əməkdaşlığın daha da inkişafını təmin edəcək.
"Şübhəsiz ki, ölkələrimiz arasında çoxəsrlik tarixə, ortaq adət-ənənələrə, dilə və mədəni-mənəvi irsə söykənən dostluq və qardaşlıq münasibətləri gələcək inkişaf və dərinləşmə üçün bütün ilkin şərtlərə malikdir. Əminəm ki, bu gün imzalanmış sənədlər dövlətlərimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcək”, - Prezident Sadır Japarov söyləyib.