Infoteka.az
Hərbi

Britaniya kəşfiyyatı: Rusiya Ukraynanın əks-hücumuna qarşı yeni taktikadan istifadə edir

Son həftələrdə Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlarını ləngitmək üçün yeni taktikalara üstünlük verir, eyni zamanda bunları təkmilləşdirməyə çalışır.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin hazırladığı hesabatda qeyd olunur.

Hesabatda vurğulanır ki, Rusiyanın yeni taktikası döyüş meydanında tank əleyhinə minalardan daha çox istifadəyə əsaslanır.

Britaniya kəşfiyyatının məlumatına görə, bəzi ərazilərdə mina sahələrinin sıxlığı rusların hərbi doktrinada nəzərdə tutulduğundan daha çox minadan istifadə etdiklərini deməyə əsas verir.

“Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini ləngitdikdən sonra Rusiya ordusu dərhal həmin hədəflərə kamikadze dronlarla, hücum helikopterləri və artilleriya ilə zərbələr endirir”, - hesabatda qeyd olunur.

Lakin britaniyalı ekspertlər iddia edirlər ki, bu taktika daha çox Ukraynanın əks-hücumunun ilkin mərhələlərində effektli olub.

Həmçinin Britaniya kəşfiyyatı vurğulayır ki, hazırda Rusiya ordusu artilleriya sursatlarının çatışmazlığından əziyyət çəkir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu iyunun əvvəlində başlayıb. Lakin Qərb mediası əks-hücumun gözləniləndən daha ləng getdiyini yazır.

Infoteka.az