“Bu gün səhər saatlarında əldə etdiyimiz məlumata görə, zəlzələdən sonra gecə saatlarında 34 nəfər təcili yardım xidmətinə müraciət edib”.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təcili tibbi yardım xidməti dünən baş vermiş zəlzələ ilə əlaqədar ölkə üzrə gücləndirilmiş iş rejiminə keçirilib:
“Həm regionlarda, həm Bakı şəhərində yerləşən tibb mərkəzləri tam hazırlıqlı vəziyyətə gətirilib ki, vətəndaşlarımızın tibbi xidmətlə bağlı müraciəti keyfiyyətli şəkildə icra edilsin”.
V.Qurbanov qeyd edib ki, vətəndaşların təcili tibbi yardım xidmətinə müraciətləri hər hansı xəsarətlə bağlı olmayıb:
“Bu müraciətlər arterial təzyiqin yüksəlməsi ilə bağlı olub. Bu hallarla bağlı vətəndaşlara xidmət göstərilib. Hazırda tibbi xidmətin təşkili ilə bağlı çətinliyimiz yoxdur”.
Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə altı bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə beş-dörd bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və itkilər olmayıb.