Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.
Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən üç il ötür.
Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin günü düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma düşmənin bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edilib.
Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu - çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib, daha 5 nəfər yaralanıb. Yaralı əsgərlərdən biri daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.