Infoteka.az
Sosial

II ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı

II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə iyulun 9-da keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

İyulun 9-da II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda 85 imtahan binası, 1547 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 252 imtahan rəhbəri, 1942 nəzarətçi–müəllim, 275 buraxılış rejimi əməkdaşı, 85 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 6 abituriyent və 1 nəzarətçi müəllimdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, 2 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. Üzərində mobil telefon aşkar olunanların nəticələri ləğv olunur və onlar müsabiqəyə buraxılmırlar. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

İmtahanda 20 838 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda, həmçinin 33 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

Bu gün saat 14:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza bilərlər.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İyulun 9-da Dövlət İmtahan Mərkəzi (DİM) II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. Bu gün, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirilir.

Bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Cəlilabad, Lənkəran və Xaçmazda təşkil olunur. İmtahan saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İkinci ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə imtahanda 20 min 836 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edir. Onların rahat şəkildə imtahan verməsi üçün zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Infoteka.az