Infoteka.az
Sosial

Sentyabrda Uşaq İncəsənət Festivalının finalı olacaq

Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının iyulun 3-dən ikinci - regional mərhələsi keçirilir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində keçirilən festivalın regional mərhələsi ölkəmizin 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçirilir.

Festival çərçivəsində iyulun 7-də Göygöl Milli Parkının ərazisində ikinci mərhələyə vəsiqə qazanan istedadlar üçün yay düşərgəsi təşkil edilib.

Düşərgənin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, festival iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, onların yay tətillərini daha maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.

Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar (futbol, həndbol, estafet oyunları və s.) keçirilib. Tarzən Səbuhi Cəfərov, aşıq Samirə Əliyeva, xanəndə Qəzənfər Abbasov, rəssam Yusif Mirzə, qiraətçi Kamran Yunis və rəqqasə Tamilla Əliyeva tərəfindən ustad dərsləri təşkil edilib.

21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyalar üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edib. II mərhələ iyul-avqust aylarında reallaşır. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.

Final mərhələsinin sentyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulur.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

Infoteka.az