Ölkə ərazisinə isti hava axınlarının daxil olması nəticəsində hava şəraiti günəşli və isti keçib. İyulun 8-də Bakıda havanın maksimal temperaturu yüksələrək normadan 6, 9-da isə 8 dərəcə yüksək olub.
Milli Hidrometeorologiya Xidmətindən "infoteka.az"-a verilən xəbərə görə, ölkə ərazisində cənub-şərq küləklərinin əsməsi nəticəsində isti hava müşahidə olunub, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu normadan 8 dərəcə yuxarı olub:
“Son günlərdə Bakı və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında 40 dərəcəyədək, Aran rayonlarının bəzi yerlərində 42 dərəcəyədək isti qeydə alınıb”.
Asif Verdiyev bildirib ki, bu gündən başlayaraq yaxın iki-üç gün ərzində ölkə ərazisində ötən günlərlə müqayisədə nisbətən sərin hava şəraiti müşahidə olunacaq:
“Bakıda və Abşeron yarımadasında havanın temperaturu bu gün 34, iyulun 11-də 26-32, 12 iyulda isə 27-32 dərəcə isti olacaq. Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Əsasən, respublikanın şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir”.
“Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var”, - deyə Asif Verdiyev qeyd edib.