11 Avropa ölkəsinin prezidentləri Rusiyadan Ukraynadakı mülki hədəflərə hücumları dərhal dayandırmağı tələb edirlər.
“Buxarest doqquzluğu”na üzv ölkələr (Bolqarıstan, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya), həmçinin Şimali Makedoniya və Monteneqro Rusiyanın Ukraynaya kütləvi raket hücumlarını pisləyiblər.
Oktyabrın 11-də dərc olunan bəyanatda onlar Rusiya Federasiyasından mülki hədəflərə hücumları dərhal dayandırmağı tələb ediblər:
“Biz dövlətlərimiz adından Rusiyadan mülki obyektlərə hücumları dərhal dayandırmasını tələb edirik. Biz bugünkü cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün səylərimizi dayandırmayacağıq”.
Sənəddə qeyd edilir ki, beynəlxalq hüquq bu cür hücumları hərbi cinayət hesab edir.
Dövlət başçıları həmçinin bildirirlər ki, onlar “Rusiya nümayəndələrinin nüvə silahından istifadə ilə bağlı hər hansı təhdidini” qəbuledilməz hesab edirlər:
“Bu kontekstdə biz ölkələrimizi və müttəfiqlərimizi qorumaq öhdəliyimizi bir daha təsdiqləyirik”.
Bəyanatı 11 ölkənin prezidenti imzalayıb.
Xatırladaq ki, oktyabrın 10-da səhər saatlarında Rusiya Ukrayna şəhərlərinə irimiqyaslı raket hücumu həyata keçirib.
12 bölgədə və Kiyevdə infrastruktura ziyan dəyib, 19 nəfər həlak olub, 105 nəfər yaralanıb.
Mənbə: Korrespondent