Infoteka.az
Siyasət

Brüssel formatında altıncı cəhd

Bu gün Brüsseldə ən yüksək səviyyədə növbəti üçtərəfli görüş olacaq. Görüş ərəfəsində rus sülhməramlılarının nəzarətindəki ərazilərdə separatçıların təxribatları artıb. Azərbaycanın Qarabağda qanunsuz silahlı birləşmələrə qarşı hərəkətə keçmə vaxtı əvvəlkilərdən daha yaxın görünür.

Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq. Bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alıb. Bu, dövlət başçıları arasında sayca Brüssel formatında altıncı görüşdür. Bundan öncəki görüş bu il mayın 14-də baş tutub.

Prezident Ilham Əliyev artıq Brüsseldədir. Dövlət başçısının Şarl Mişellə görüşü baş tutub. Paşinyan da dünən axşam Brüsselə yollanıb.

Qeyd edək ki, Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin səlahiyyət müddətinin bitməsi tarixi yaxınlaşdıqca, Qərbin sülh danışıqları prosesindəki fəallığı, həmçinin regionda hərarət artır. Regional temperaturun qalxmasının motivləri çoxşaxəlidir, burada böyük güclərin maraqlarının kəsişməsi bir nömrəli problemdir. Rusiya regionda təsirlərini saxlamaq, mübahisəli məsələləri idarə etmək, imperiya maraqlarına yeni nağıllar yükləmək xəttini üstün tutur. Hərçənd ki, Rusiyanın Ukraynada üzləşdiyi problemlər onun xarici siyasətindəki kursuna təsir göstərir. Kremlin düşdüyü vakuum Qərbin Moskvanın geosiyasi alətlərini əlindən almaq cəhdlərinə gətirib çıxarır.

Infoteka.az