Infoteka.az
İqtisadiyyat

Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər

İsmayıllı-Şəki yolunda aparılan təmir-bərpa işləri həmin ərazidə fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinə ciddi təsir edib. Turistlərin sayı kəskin azalıb, gəlir səviyyəsi aşağı düşüb. Ekspertlər sahibkarlara səbirli olmağı məsləhət görürlər.

Bir müddətdir ki, İsmayıllı-Şəki yolunda əsaslı təmir-bərpa işləri aparılır. Bu yolla hərəkət etmək xeyli çətinləşib. Bu səbəbdən məlum istiqamət üzrə turistlərin axınında azalmalar müşahidə olunur. Qeyd edək ki, təmir işləri aparılan yol boyunca çoxsaylı istirahət mərkəzləri, təndirxanalar, restoranlar, kafelər mövcuddur. Nəticədə, hər il yay aylarında müştərilərlə dolu olan bu restoranlar, istirahət mərkəzləri indi boş qalıb. Üstəlik, bir neçə gün əvvəl yaşanan sel fəlakəti turizm obyektlərinin vəziyyətini daha da çətinləşdirib. Belə vəziyyətdə tək qazanc yeri turistlər olan obyekt sahibləri nə etməlidirlər?

Turizm eksperti Ramin Zamanov deyib ki, bu məsələdə tək çarə yolların inşasının yekunlaşmasını gözləməkdir:

“Turistlərin səfəri üçün alternativ yollar təklif oluna bilər. Yolsuzluq şəraitinə uyğun nəqliyyat vasitələrindən istifadə də mümkündür ki, səyahətlərini əvvəlcədən planlamış turistləri ünvana çatdıra bilsinlər. Məsələn, safari tipli nəqliyyat vasitələri seçilə, yaxud piyada keçidlər qoyula bilər. Yollarda təmir işləri aparılırsa, turistlərə əvvəlcədən bu barədə məlumat verilməlidir”.

Infoteka.az