İyulun 17-də Bakı şəhərində İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər başlayıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Palataya üzv 20 dövlətdən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur.
Tədbir iki gün davam edəcək.
Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, İordaniya, Misir kimi ölkələr də daxil olmaqla geniş tərkibdə ölkəmizə səfər edən Palata üzvləri və islam ölkələrindən olan sahibkarlar iki gün ərzində Bakıda müxtəlif mövzuları əhatə edən panellərdə, ölkələrin iqtisadi potensiallarının təqdimatlarında, B2B görüşlərdə iştirak edəcək, bir neçə iri kənd təsərrüfatı müəssisələrinə səfər edəcək, əməkdaşlığı əhatə edən bir neçə sənəd imzalayacaqlar.
Qeyd edək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası hazırda 57 üzv ölkə ilə təmsil olunur. Üzv ölkələrin ərazisi 31,8 milyon kvadratkilometrdən çoxdur. Dünyanın quru sahəsinin 6,2%-i bu dövlətlərin payına düşür.
Üzv ölkələrin əhalisi 1 milyard 900 milyon nəfərdən çoxdur, bu isə dünya əhalisinin 23,8%-i deməkdir.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun həcmi doqquz trilyon dollardan çoxdur. Bu isə qlobal ümumi daxili məhsulun 9%-ni təşkil edir.
Azərbaycanın xarici ticarət dövriyyəsinin 18%-i və ya 9,3 milyard ABŞ dolları İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin payına düşür.