Gürcüstan sərhədinin yaxınlığında Rusiya hərbi komissarlığı səfərbərlik məntəqəsi yerləşdirəcək.
Müvafiq qərar Yuxarı Lars keçid-buraxılış məntəqəsində baş tutan iclasda qəbul edilib.
Yuxarı Lars keçid məntəqəsində Gürcüstan sərhədi boyunca piyada keçidinə icazə verilib. Həmçinin qanunun mühafizəsi və yol hərəkəti təhlükəsizliyi baxımından bir sıra əlavə tədbirlər nəzərdə tutulub.
Xatırladaq ki, dünən Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinə zirehli transportyor yerləşdirilib. Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, bu, blokpost məqsədi daşımır.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Qərardan cəmi bir neçə saat sonra Moskvadan Bakıya, İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrin şəhərlərinə ən yaxın birbaşa reyslərin aviabiletləri tükənib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin son məlumatlarına görə, artıq 261 min kişi ölkəni tərk edib. Bu səbəbdən də Moskva hava limanlarında səfər etmək istəyən kişi sərnişinlərin yoxlanmasına başlanılıb. Gürcüstana uçan sərnişinlərdən birinin sözlərinə görə, pasport nəzarətində olan sərhədçilər gəncləri “dindirmə”yə aparır, hərbi biletlərini yoxlayırlar. Yeri gəlmişkən, Tbilisi də ölkəyə daxil olmaq istəyən rusiyalıların böyük axını ilə əlaqədar Rusiyadan olan kişilər üçün sərhədləri bağlamağı düşünür.
Mənbə: TASS