Azərbaycanda Məhərrəm ayı başlayıb.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir.
Avqustun 17-si Məhərrəm ayı başa çatır, avqustun 18-si Səfər ayı başlayır. Sentyabrın 6-sı, yəni Səfər ayının 20-ci günü, imamın 40-ı günü olacaq.
Sentyabrın 15-i isə Səfər ayı başa çatır
Qazılar Şurası dindarlarımıza xatırladır ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyil. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır.