Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 29 ünvanında yerləşən 3467 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.
Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb.
Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.
“Bir daha qeyd edirik ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar”, - qurumun yaydığı məlumatda deyilir.