“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanında dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Dəyişikliyə əsasən, 5.7.1-ci yarımbənd aşağıdakı redaksiyada verilib:
“5.7.1. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi”.
Fərmanla 5.7-ci bənd üzrə aşağıdakı məzmunda 5.7.5 – 5.7.15-ci yarımbəndlər əlavə edilib:
“5.7.5. daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;
5.7.6. daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;
5.7.7. daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;
5.7.8. torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;
5.7.9. daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;
5.7.10. yerquruluşu planının verilməsi;
5.7.11. daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;
5.7.12. ünvan reyestri məlumat bazasından arayışların verilməsi;
5.7.13. ünvan xəritələrindən çıxarışların verilməsi;
5.7.14. daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;
5.7.15. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi”.
Eyni zamanda, 5.20.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.21 - 5.24-cü bəndlər əlavə edilib:
“5.21. energetika sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
5.21.1. ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;
5.21.2. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;
5.21.3. mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;
5.21.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;
5.21.5. elektrik enerjisinin nəqlinə icazənin verilməsi;
5.21.6. elektrik enerjisinin paylanmasına icazənin verilməsi;
5.21.7. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;
5.21.8. qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;
5.21.9. qazın nəqli üçün icazənin verilməsi;
5.21.10. qazın paylanmasına icazənin verilməsi;
5.21.11. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;
5.21.12. neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;
5.21.13. neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;
5.21.14. neft və neft məhsullarının emalına icazənin verilməsi;
5.21.15. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;
5.22. təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
5.22.1. təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;
5.22.2. sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;
5.23. fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
5.23.1. təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;
5.23.2. partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;
5.24. ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
5.24.1. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;
5.24.2. balıqovlama biletinin verilməsi;
5.24.3. ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;
5.24.4. ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi”.