Bakı metrosunun bir sıra qatarlarında kondisioner işləmir. Bu səbəbdən də metrodan istifadə edənlər isti yay günlərində xeyli əziyyətə qatlaşmalı olurlar. Təsadüfi deyil ki, son günlər havanın temperaturunun kəskin yüksəlməsi metro sərnişinlərinə əlavə problem yaradıb.
Maraqlı məqam isə, bir sıra hallarda yeni qatarlarda da bu problemin yaşanmasıdır.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bəzi qatarlarda kondisionerlərin olmamasının səbəbi var:
“Bu qatarlar köhnə nəsil qatarlardır. Və istehsal zamanı onlara kondisioner sistemi quraşdırılmayıb. İndiki vəziyyətdə həmin qatarlara kondisioner quraşdırmaq yeni nəsil qatar almaq qədər xərc tələb edir”.
Bəxtiyar Məmmədov onu da qeyd edib ki, hazırda “Bakı Metropoliteni”nin balansında 61 qatar var:
“Onlardan yalnız 23-ü yeni nəsildir. Və bu qatarlarda ən müasir tələblər səviyyəsində xidmət göstərilir. Lakin, 38 qatar köhnə nəsildir. Onlarda bir sıra çatışmazlıqlar var. O cümlədən həmin qatarlarda kondisioner sistemi yoxdur. Biz gün ərzində xəttə 40-46 qatar buraxırıq. Onların da yalnız yarısı yeni nəsil qatarlardır. Problem də bununla bağlıdır”.