Infoteka.az
Sosial

Qeyri-dövlət pensiyalarının tətbiqi mühüm sosial müdafiə tədbiridir

“Qeyri-dövlət pensiyalarının tətbiqi mühüm sosial müdafiə tədbiri olaraq vətəndaşlar üçün əlavə pensiya təminatı imkanı yaradacaq”. Bunu ölkəmizdə özəl pensiya sisteminin tətbiqi məsələlərini şərh edən müstəqil ekspert Yalçın Müslümov deyib.

Beynəlxalq təcrübədə qeyri-dövlət pensiya sisteminin müxtəlif hüquqi-sosial-iqtisadi model əsasında fəaliyyət göstərdiyini vurğulayan ekspert bu ödənişlərin sosial müdafiənin tərkib hissəsinə çevrildiyini bildirib: “İşləyən vətəndaşlar qazanclarının bir qismini qeyri-dövlət pensiya fondlarına yönəltməklə gələcək pensiya gəlirlərini artıra biləcəklər”.

Y.Müslümov qeyd edib ki, qeyri-dövlət pensiya təminatının geniş vüsət alması əhalinin gəlir səviyyəsi, cəmiyyətin özəl pensiya institutlarına inamı, bu prosesdə işəgötürənlərin yaxından iştirakı, o cümlədən peşə pensiyalarının tətbiqi, eləcə də təkmil maliyyə bazarının  fəaliyyət göstərməsi, müxtəlif güzəştlərin tətbiqi kimi amillərdən asılıdır.

Ekspert qeyri-dövlət pensiyalarının tətbiqi üçün kompleks tədbirlər görülməsinin vacibliyini qeyd edərək, bu sahədə beynəlxalq təcrübəyə söykənən fəaliyyət texnologiyasının müəyyənləşməli olduğunu söyləyib. Bu əsasda formalaşdırılan hüquqi baza vətəndaşlardan özəl pensiya vəsaitlərinin toplanması, investisiyalara yönəldilməsi, pensiya ödənişlərinin təyinatı və aparılması kimi məsələləri, habelə bu proseslərin bütün iştirakçılarının hüquq və vəzifələrini əhatə etməlidir: “Vətəndaşların özəl pensiya sisteminə cəlb edilməsi metodları, fərdi pensiya planlarının işlənməsi, pensiya təminatı müqaviləsinin tərtibi, sığorta haqlarının məbləği və ödənilmə qaydasının müəyyənləşdirilməsi, pensiya hesablarının açılması, bu hesablar üzrə analitik (fərdi) uçotun aparılması, pensiyaların ödənilməsi, vaxtından əvvəl pensiya planından imtina və s. bu kimi aktual məsələlər aydınlaşdırılaraq zəruri normativ hüquqi aktlarda öz əksini tapmalıdır”.

Eyni zamanda, qeyri-dövlət pensiya fondlarının, eləcə də bu prosesin digər iştirakçılarının fəaliyyətində informasiya şəffaflığı, korporativ idarəçilik, daxili nəzarət, aktuar hesablamalar, monitorinq və risklərin idarə olunması praktikası, həmçinin adekvat uçot, hesabatlılıq, nəzarət və lisenziyalaşdırma təmin edilməlidir. Toplanmış vəsaitlərin qorunub saxlanması və pensiya vəsaitlərinin səmərəli idarə olunması baxımından zəruri təminat və tələblərin nəzərdə tutulması da prioritet məsələlərdəndir. Bu məqsədlə özəl pensiya fondları üçün şaxəlilik, gəlirlilik və yol verilən risk həddi üzrə vəzifələrin həllini hədəfləyən investisiya planı təsbit olunmalıdır".

Infoteka.az