22 iyul 2022-ci il tarixində Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çernomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verib. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb.
Sazişə uyğun olaraq gəmilər yük yerlərinin boş olduğundan əmin olmaq üçün İstanbul yaxınlığında yoxlamadan keçib, daha sonra yüklənmək üçün dəniz humanitar dəhlizindən yan alaraq Ukrayna limanlarına yola düşüb. Dəhliz İstanbuldakı Koordinasiya Mərkəzi tərəfindən idarə olunub və gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün 24/7 rejimində nəzarət tədbirləri görülüb. Dönüş yolunda olan gəmilər İstanbul yaxınlığında yenidən yoxlanılıb.
BMT-nin məlumatına görə, taxıl sazişi çərçivəsində bu vaxtadək Ukraynadan 32,9 milyon ton taxıl və digər məhsullar ixrac edilib. Saziş dünyada ərzaq böhranının qismən aradan qaldırılmasında mühüm rol oynayıb. BMT-dən bildirilib ki, taxıl sazişi bütün dünyada insanlara fayda verib, çünki sazişə uyğun olaraq qlobal bazara daha çox ərzaq məhsulu çıxarılıb və buna görə də qiymətlər aşağı düşüb.
Lakin Rusiya iyulun 17-də Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdə iştirakını dayandırıb. Kreml sazişin Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddia edib. Rəsmi Moskva bildirib ki, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqqında saziş icra edilməyib.
Rusiyanın taxıl sazişində iştirakını dayandırması bazarlarda təşvişə səbəb olub. Belə ki, Çikaqo birjasında buğda fyuçersləri təxminən 2,6 faiz bahalaşaraq 7,7725 dollar/buşelə (bir buşel təxminən 27 kiloqrama bərabərdir) çatıb. Bəzi iqtisadçıların fikrincə, taxıl bazarlarında qıtlıq yarana bilər.
Rusiyanın taxıl sazişini tərk etməsi beynəlxalq bazara necə təsir edir?
Mövzu ilə bağlı beynəlxalq iqtisadiyyat üzrə ekspert Orxan Bağırov bildirib ki, Rusiyanın taxıl sazişindən imtina etməsinin bazarda qiymətlərin artmasına təsiri ilkin reaksiyadır:
"Bəli, Rusiyanın taxıl sazişindən geri çəkilməsi hazırda bazarda qiymət artımına, taxıl qiymətlərinə təsir edir. Artıq beynəlxalq bazarda taxılın qiyməti təxminən 3 faizdən çox bahalaşıb. Ancaq bunun iqtisadi əsası yoxdur. Bu, sadəcə bazarların hadisəyə ilkin reaksiyasıdır. Çünki belə dəyişikliklərin çox qısa zamanda təsir etmə imkanları yoxdur. Hazırda bunun iqtisadi əsası da yoxdur. Beynəlxalq bazarda taxıl anbarlarında kifayət qədər ehtiyat toplanıb. Rusiya bu sazişdən imtina etməsinə səbəb kimi həmin sazişin Rusiyaya aid hissəsinin icra olunmamasını göstərir. Rusiyalı rəsmilər qeyd edirlər ki, sazişin Rusiyaya aid hissəsi icra olunarsa, sazişin müddəti uzadıla bilər. Bu da Rusiyanın taxıl sazişindən uzaq qalmasının elə uzun çəkməyəcəyini göstərir".
İqtisadçı ekspert Akif Nəsirli də Rusiyanın taxıl sazişindən çəkilməsinin dünya bazarında elə də ciddi qiymət artımlarına səbəb olmadığını düşünür:
"Rusiya taxıl sazişindən çıxmaqla öz ixracatını məhdudlaşdırır. Digər dünya ölkələrinin beynəlxalq bazarda satdığı taxılın qiymətinin artması mümkündür. Amma Rusiya taxılı, əksinə, ucuzlaşacaq. Çünki Rusiyanın daxilində hər il 80 milyon ton ərzaq buğdası istehsal olunur. Onun hardasa 25-30 milyon tona yaxını taxıl sazişinin nəzərdə tutduğu marşrut üzrə daşınır. O marşrut təhdid altında olacaqsa, Rusiya da həmin marşrut üzrə taxıl daşıya bilməyəcək".
Bəs Rusiyanın sazişdən çıxması Azərbaycanın taxıl bazarına necə təsir edəcək?
Orxan Bağırovun fikrincə, Azərbaycan taxıl sahəsində idxaldan asılıdır, ancaq ölkədə kifayət qədər taxıl ehtiyatları formalaşdırılıb.
"Taxılın idxalı zamanı qiymətlər yüksək deyildi. Hazırda bazarda qiymət un əsasında formalaşır. Ona görə də, yaxın müddətdə bizdə unun və çörəyin qiymətinin artacağını gözləmək olmaz. Onu da nəzərə almaq lazımdır ki, hazırda taxıl biçini mövsümüdür. Yerli ehtiyatlar kifayət qədər artır. Bu da qiymət artımının qarşısını alan faktor kimi rol oynayacaq".
Ekspert hesab edir ki, bu amil Azərbaycanın Rusiyadan daha ucuza taxıl almasına imkan verə bilər:
"Nəticədə, mən düşünürəm ki, Rusiyanın daxilində buğdanın qiyməti artır. Bu da bizə imkan verəcək Rusiyadan daha ucuz qiymətə ərzaq buğdası alaq. Onsuz da biz 90 faiz taxıl idxalını Rusiyadan edirik. Mən bu prosesin uzun çəkəcəyini düşünmürəm. Rusiya yenidən hansısa formada taxil sazişinə qayıdacaq. Taxil sazişindən imtina bizim daxili bazardakı qiymətlərə elə də ciddi təsir göstərməyəcək. Hazırda onsuz da çörəyin qiyməti olduğundan ən azı 2 dəfə baha satılır. Qiymətlər artsa da, mövcud vəziyyəti sabit saxlamaq üçün imkanlar mövcuddur".
Akif Nəsirli isə bildirib ki, Rusiydan idxal etdiyimiz taxılın qiyməti 300-350 manat arasıdır, bu taxıldan biz 800 kiloqram un alırıq.
"350 manatı 800 kilqorama böləndə unun qiyməti 25 qəpikdən aşağı düşür. 1 kiloqram undan neçə ədəd çörək almaq olur? Ən azı 2 çörək almaq mümkündür. Digər ədviyyatları da üzərinə gəlsək, çörəyin maya qiyməti 20-25 qəpiyə düşür. Biz bu gün yarım kilqoramlıq çörəyi 65-70 qəpiyə alırıq. Çörəyin qiymətinin aşağı salınması üçün hazırda kifayət qədər imkan var. Yəni maya dəyəri aşağı düşüb. Bundan əvvəlki ilə nisbətən maya dəyəri ən azı 40 faiz enib. Ancaq biz çörəyin qiymətinin aşağı düşməsini müşahidə edə bilmirik".