Belarus Prezidenti Aleksandr Lukaşenkonu mühafizə edən helikopterlər Polşa ərazisinə daxil olub.
Bu barədə Polşanın sabiq Baş naziri Vlodzimierz Çimoşeviç “RMF FM” radiosunun efirində bildirib.
Onun fikrincə, bu ayın 1-də Polşanın hava sərhədini pozan iki helikopter Belarus Prezidentinin mühafizəçilərinə məxsus olub.
Sabiq hökumət başçısı bildirib ki, Lukaşenko həmin vaxt Polşa-Belarus sərhədindən 7 km aralıda yerləşən Belovej ərazisindəki iqamətgahına gedib:
“Mən istisna etmirəm ki, bu, qəsdən törədilən əməldir, lakin təsadüfən baş verməsi də mümkündür”, - deyə Çimoşeviç əlavə edib.
Xatırladaq ki, 1 avqustda Polşa hökuməti Belarusa məxsus 2 hərbi helikopterin Polşanın hava sərhədini pozduğunu açıqlayıb. Həmin gün ölkənin müdafiə naziri Mariuş Blaşzak Belarusla sərhəddə hərbi qulluqçuların sayını artırmaq və təhlükəsizliyin döyüş helikopterləri ilə gücləndirilməsi barədə göstəriş verib.