Bakı indi Avropa və Asiya şəhərlərinə büdcəli səyahət etmək üçün daha çox imkanlar təklif edir. Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 15-ə çatıb.
Bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.
T.Həsənov qeyd edib ki, büdcəli səyahət edənlərin ehtiyaclarını ödəmək üçün daha çox aviaşirkətin cəlb edilməsi istiqamətində işlər fəal şəkildə davam etdirilir.
2023-cü ilin birinci yarısında Bakı hava limanına uçuşlar həyata keçirən aviaşirkətlərin sırasına “RedWings”, “WizzAir Malta”, “Flyadeal” və “Air Cairo” əlavə olunub. Bu gün Bakıdan Ankara, İstanbul, İzmir, Dubay, Şarja, Dammam, Ciddə, Ər-Riyad, Əbu-Dabi, Aktau, Tel-Əviv, Budapeşt, Roma və s. kimi müxtəlif şəhərlərə aşağıbüdcəli aviaşirkətlərlə səyahət etmək mümkündür.
“Bu məlumatlar yeni aviaşirkətlərin cəlb edilməsi və sərnişinlər üçün imkanların genişləndirilməsi istiqamətində gedən davamlı fəaliyyətimizi təsdiqləyir. 2019-cu ildən etibarən xarici aşağıbüdcəli aviaşirkətləri seçən sərnişinlərin sayı 29%-ə yüksəlib. Biz bundan sonra da büdcəli səyahətlər üçün yeni perspektivlər açmağa və Bakını daha da əlçatan və cəlbedici turizm məkanına çevirməyə davam edəcəyik”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru vurğulayıb.
Ölkəmizin regional hava limanlarını xarici aviaşirkətlərə baza aeroportu kimi təqdim etməyə hazır olduğunu bildirən Teymur Həsənov qeyd edib ki, bu aeroportların imkanlarından istifadə edilməsi istiqamətində addımlar atılır, bu da Azərbaycana/Azərbaycandan yeni istiqamətlərin açılmasına töhfə verir.
“Azərbaycanın beynəlxalq hava limanlarına yeni aviadaşıyıcıların cəlb edilməsi ölkədə beşinci və yeddinci qrup hava azadlığının fəaliyyəti çərçivəsində baş verir. Bu qruplar xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar və Azərbaycan hava limanları vasitəsilə tranzit reyslər həyata keçirmək imkanı təklif edir”, - deyə o vurğulayıb.