Infoteka.az
Sosial

İstirahət planlaşdıranlara müjdə

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "infoteka.az"-a verilən xəbərə görə, avqustun 5-nə olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, şimal və qərb rayonlarında intensiv və güclü olub.

Ötən gün ərzində yağan yağıntı bu gün səhər saatlarından kəsilib.

Düşən yağıntının miqdarı Qaxda 80 mm (aylıq normanın 143%-i), Zaqatalada 51 mm (aylıq normanın 69%-i), Balakəndə 47 mm (aylıq normanın 64%-i), Şəkidə 46 mm (aylıq normanın 82%-i), Şəmkirdə 34 mm (aylıq normanın 128%-i), Culfada 10 mm (aylıq normanın 172%-i), Gədəbəy, Lerik, Göygöl, Gəncə, Tovuz, Ceyrançöl, Şahdağ, Mingəçevir, İmişli, Sabirabad, Biləsuvar, Astara, Naxçıvan, Salyan, Daşkəsən, Ağstafada 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Avqustun 4-də şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Göyçay, Tərtərdə 20 m/s, Beyləqan, Altıağac, Culfa, Naxçıvanda 18 m/s, Cocuq Mərcanlıda 16 m/s, Kəlvəz, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Avqustun 5-i gündüzdən ölkə ərazisində hava şəraiti sabitləşəcək, əsasən, yağmursuz keçəcək.

Lakin avqustun 6-7-də bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu tədricən yüksələcək.

Infoteka.az