Sabah "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasında UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar iş rejimində dəyişikliklər ediləcək.
İnfoteka.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, stansiyanın yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça tamaşaçı marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.
Əməliyyat planına uyğun olaraq, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndirilməklə, stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.
Ehtiyat tədbirlər “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da görüləcək. Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.