“Ukrayna Xarici İşlər Nazirliyi (XİN) avqustun 13-də Qara dənizdə İzmail limanına gedən Türkiyənin “Şükrü Okan” yük gəmisinə qarşı Rusiya Federasiyasının həyata keçirdiyi təxribat xarakterli hərəkətləri qətiyyətlə pisləyir”.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib.
Ukrayna XİN vurğulayıb ki, Rusiya Hərbi Dəniz Qüvvələri BMT Nizamnaməsini, BMT-nin Dəniz hüququ haqqında Konvensiyasını və beynəlxalq hüququn digər normalarını kobud şəkildə pozub.
“Bu hərəkətlər Rusiyanın Qara dənizdə naviqasiya azadlığını və kommersiya gəmiçiliyinin təhlükəsizliyini təhdid edən məqsədyönlü siyasətinin nümunəsidir.
Strateji tərəfdaşımız olan Türkiyəyə dəstəyimizi və bu ölkə ilə həmrəy olduğumuzu ifadə edir, beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasının gəmilərin Qara dənizdən dinc şəkildə keçməsinə mane olan hərəkətlərinin qarşısını almaq üçün qətiyyətli addımlar atmağa çağırırıq.
Rusiya Qara dənizdəki beynəlxalq marşrutları, xüsusən də Ukrayna dəniz limanlarına gedən marşrutları bağlamamalıdır. Ukrayna öz tərəfdaşlarını qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən Qara Dəniz Taxıl Təşəbbüsünün fəaliyyətini qorumaq üçün səylərini gücləndirməyə çağırır”, - Ukrayna XİN-in bəyanatında vurğulanıb.