Infoteka.az
Sosial

Bu ilin sonuna “Həzi Aslanov” stansiyasında əsaslı təmir işlərinə başlanıla bilər

Cari ilin sonuna metronun “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanıla bilər. Bununla bağlı əsas hazırlıq işləri görülür.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda görüləcək işlərin layihəsi və texnoloji proseslərin ardıcıllığı üzərində işlər aparılır.

“Layihə işləri başa çatdıqdan sonra prosedur qaydalarına uyğun olaraq təmir işlərinə başlamaqla bağlı ictimaiyyətə məlumat veriləcək. Çünki orada hərəkətin təşkili ilə bağlı məsələlər gündəmə gələcək. Təmir işlərinə stansiyanın dönmə kamerasında başlanacaq. Daha sonrakı mərhələlər isə stansiyanın özündə davam etdiriləcək”, - deyə Bəxtiyar Məmmədov vurğulayıb.

Infoteka.az