Elektrikləşdirilmiş nəqliyyat vasitələri qlobal bazarda populyarlıq qazanmağa davam edirlər. EV volumes portalının məlumatına görə, 2022-ci ilin birinci yarısında dünya üzrə 4,3 milyon elektrik və hibrid avtomobili satılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 62% çoxdur. Artımın drayveri Çindir – burada elektrikləşdirilmiş nəqliyyat vasitələrinə olan tələbat 113% artıb. ABŞ və Kanadada isə, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə belə avtomobillər 49% daha çox satılıb. Avropada isə artım cəmi 9% olub - analitiklər bunun əsas səbəbinin komponent qıtlığı və Ukrayna böhranının olduğunu bildirirlar.
Sırf elektrik avtomobillərinin (BEV) satışı cari ilin birinci yarısında 75 faiz, plagin hibridlərin (PHEV) isə 37 faiz artıb. Benzin-elektrik avtomobillərinə olan tələbatın artmağa davam etdiyi qeyd olunur, lakin modellərin müxtəlifliyinin artması və böyük bazarlarda BEV’lərin satışının stimullaşdırılması səbəbindən onlar tədricən mövqe itirirlər.
Çinin BYD şirkəti elektrikləşdirilmiş avtomobillərin satışı üzrə liderdir: avtomobil nəhəngi satışlarını 641 min ədədə çatdırıb, lakin onlardan 315 mini PHEV modellərinin payına düşür. Amerikanın Tesla şirkəti altı ay ərzində 565 min avtomobil sataraq elektromobil bazarındakı liderliyini qoruyur.
Daxili yanma mühərrikli avtomobillərə gəldikdə isə, onların qlobal satışları 16 faiz azalıb. Bununla yanaşı, cari ilin ilk altı ayında minik avtomobillərinin ümumi satışı 8 faiz azalıb.
Mütəxəssislərin fikrincə, 2022-ci ildə dünya üzrə 10,6 milyon elektrikləşdirilmiş avtomobilin satılacağı gözlənilir ki, bu da 2021-ci illə müqayisədə 1,5 dəfə (57 faiz) çoxdur. Satılan BEV’lərin sayı səkkiz milyon, PHEV’lərin sayı isə 2,6 milyon olmalıdır. Ümumilikdə, gələn il dünyada istismar olunan elektrikləşdirilmiş nəqliyyat vasitəslərinin sayı 27 milyona çatmalıdır.
Mənbə: Autograph.az