Rusiya Elmlər Akademiyasının Keldış adına Tətbiqi Riyaziyyat İnstitutu "Luna-25" avtomatik stansiyasının trayektoriyasını simulyasiya edərək onun Yerin təbii peykinin səthi ilə toqquşma vaxtını və yerini təyin edib.
Bu barədə İnstitutun Telegram kanalında məlumat verilib.
Bildirilib ki, kosmik cihaz avqustun 19-da Moskva vaxtı ilə saat 14:58-də Ayın cənub yarımkürəsindəki 42 kilometrlik Pontecoulant G kraterinə düşüb.
Bundan əvvəl “Roskosmos” bildirmişdi ki, “Luna-25” avtomatik stansiyası, ilkin hesablamalara görə, avqustun 19-da Ayın səthi ilə toqquşması nəticəsində fəaliyyətini dayandırıb. Bundan əvvəl qurğuya onun enişdən əvvəl elliptik orbitini yaratmaq üçün impuls verilib, lakin hərəkətverici sistem nəzərdə tutulduğundan daha uzun müddət işləyib. Şənbə günü Moskva vaxtı ilə saat 14:57-də kosmik gəmi ilə əlaqə kəsilib.
Avqustun 11-də Moskva vaxtı ilə saat 02:10-da "Luna-25" avtomatik stansiyası "Soyuz-2.1b" daşıyıcı raketi ilə Vostoçnı kosmodromundan buraxılıb. Avqustun 12 və 14-də kosmik gəminin trayektoriyası 2 dəfə korreksiya olunub. Çərşənbə günü, avqustun 16-da avtomatik stansiya Ayın orbitinə daxil olub. Aparatın enişi avqustun 21-nə planlaşdırılırdı.