Infoteka.az
İdman

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub, 2-si bürünc medal qazanıb

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyinə yekun vurulub.

Federasiyadan verilən məlumata görə, 9 gün davam edən yarışı Azərbaycan milli komandası 2 qızıl və 2 bürünc medalla bitirib.

Yığmanın heyətində Şahin Aslanov Avropa çempionu tituluna yiyələnib. 52 kq çəkidə mübarizə aparan boksçumuz finalda Nikolay Nikolayevi (Bolqarıstan) məğlub edib. O, həlledici döyüşdə 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq qızıl medala sahib olub.

Millinin heyətində ən ağır çəkili boksçu Səftər Məmmədzadə (90 kq) də Avropanın ən güclüsü tituluna yiyələnib. Təmsilçimiz finalda ukraynalı Yosip-Vladislav Kozakeviçə 5:0 (29:28, 29:28, 30:27, 30:26, 29:28) hesabı ilə qalib gələrək, Mariborda Azərbaycan himnini səsləndirib.

Komandamızın aktivinə bürünc medalları isə Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) yazdırıblar.

32 ölkədən 380 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət milli Avropada dördüncü yeri tutub. Yarışda ümumilikdə 9 ölkənin boksçusu çempionluq sevinci yaşayıb. Birinci pilləni Ukrayna (6-1-5) tutub.

Qeyd edək ki, 2022-ci ildə Türkiyədə komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdisə, bu dəfə finala vəsiqə qazanan hər 2 boksçumuz rinqdən qalib ayrılaraq çempion tituluna yiyələnib.

Infoteka.az