Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 29-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr doğma ellərinə qovuşmağın sevincini yaşayıblar.
Laçın şəhəri bu gün 13 ailəyə qucaq açıb və daha 52 laçınlının yurd həsrəti sona çatıb. Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurdlarına qovuşublar. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər. Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran Rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən ailələrə evlərin açarları təqdim olunub və onlar sevinc hissi ilə açarları təhvil alıblar.
Bununla da Laçın şəhərində 247 ailə, yəni, 956 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.