Infoteka.az
İdman

DYP “Qarabağ” - “Olimpiya” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

“Sabah - avqustun 31-də - azarkeşlərin “Qarabağ” - “Olimpiya” oyununun keçiriləcəyi stadiona gələrkən, əsasən, ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

“Bildiyiniz kimi, sabah UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Azərbaycan çempionu “Qarabağ” Sloveniyanın “Olimpiya” klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzulayırıq.

Məlum olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun “Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə, əsasən, ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneə törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.

Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb.

Infoteka.az