Bu gün Bakı Dövlət Universitetinin yaranma günüdür.
Ali təhsil ocağı 1919-cu il 1 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib.
Həmin vaxt Azərbaycan parlamenti ilk universitetin açılması haqqında qanun qəbul edib.
“Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.
Qanunun onuncu maddəsində deyilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur. İctimaiyyətin narahatlığını nəzərə alaraq qanunun II maddəsinin 2-ci bəndində qeyd edilirdi ki, bütün fakültələrdə türk dili məcburi fəndir. Azərbaycan hökuməti universitet komissiyasının tövsiyəsini, Xalq Maarif Nazirliyinin təqdimatını nəzərə alaraq, 1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edir.
Universitet Şurasının 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibi təsdiq edilir. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilir.
Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərkən yazırdı:
“Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edə bilərik”.
1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradıldıqdan sonra Azərbaycan təhsili mərkəzə tabe etdirildi, universitetin müstəqilliyinə son qoyuldu.
1922-ci ildə universitetin adı dəyişdirildi və Azərbaycan Dövlət Universiteti (ADU) qoyuldu. Bütün ölkədə olduğu kimi, universitetdə də təhsil sovet ideologiyasına xidmət edirdi. 1923-cü ildə Kazan Universitetinin tarix və fəlsəfə kafedrasını bitirmiş filosof və məntiqşünas, 1920-ci ildən Bakı Dövlət Universitetinin professoru Aleksandr Qulyayev ADU-ya rektor təyin edildi.
1923-cü ildə qəbul edilmiş nizamnamədə universitetin Şərq fakültəsi istisna olmaqla, digər fakültələrində bütün məcburi kursların və məşğələlərin rus dilində aparılması haqqında qərar qəbul edildi. Universitetdə bu prosesin başlanması birmənalı qarşılanmır, digər millətlərdən olan professor-müəllim heyəti bunu öz mənafeyinə təhlükə kimi qarşılayaraq, türk millətinin intellektual səviyyəsinin aşağı olması iddiası ilə çıxış edir.
1926-cı ildə ilk azərbaycanlı rektor Tağı Şahbazi təyin olundu. Lakin 1929-cu ildə onu kənarlaşdıraraq rus alimi Vladimir Yelpatyevskini rektor təyin edirlər.
1930-cu ilin iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Universitetinin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradıldı.1934-cü ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Universiteti yenidən işə başladı.
Bununla belə, 30-cu illərin amansız repressiyaları universitetin milli ruhlu kollektivindən də yan keçmədi. Bu dövrdə yüzlərlə professor, müəllim, işçi və tələbəyə “xalq düşməni”, türkçü, turançı, pantürkçü, panislamçı damğaları vuruldu. O illərdə amansız Stalin repressiyalarının qurbanı olmuş, Sibirin həbs düşərgələrinə sürgün olunmuş və ya güllələnmiş Ə.Nazim, A.Bukşpan, Ə.Qubaydullin, V.Xuluflu, B.Çobanzadə, T.Şahbazi, H.Şahtaxtinski, M.Ələkbərli kimi unudulmaz ziyalılarımız olub.
1937-ci ildə iki dekan, iki dekan müavini, dörd kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, səkkiz professor, həmçinin universitetin rektoru olmuş xalqımızın dörd ziyalısı (Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Bala bəy Həsənbəyov) güllələnməyə məhkum edildi.
İkinci dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub.
II Dünya müharibəsi universitetin də həyatına mənfi təsir etdi, tədris prosesi ağır vəziyyətə düşdü. 1941-ci il iyunun 22-də - müharibənin başlandığı ilk gündə universitetin rektoru Cəbrayıl Ağəli oğlu Ələsgərovun cəbhəyə getməsi bütün müəllim-tələbə kollektivi üçün bir çağırış oldu. 1940-41-ci dərs ilində universitetin bütün məzunları və 200 tələbə cəbhəyə yollanıb.
SSRİ Ali Soveti Rəyasət Heyəti 1969-cu ildə Azərbaycan Dövlət Universitetini yaranmasının 50 illiyi münasibəti ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edib.
1961-ci ildə fəaliyyəti dayandırılmış universitet nəşriyyatı 80-ci illərdə yenidən fəaliyyətini bərpa edir. Bu dövrdə universitet kitabxanasının inkişafına böyük önəm verilir. Fondunun fəaliyyət dairəsinin genişliyinə və zənginliyinə görə respublika kitabxanalarının metodik mərkəzi hesab edilən bu kitabxanaya 1974-cü ildə “Elmi Kitabxana” statusu verilib.
1989-1993-cü illərdə ADU-da beş dəfə rektor dəyişdirildi. 1993-1996-cı illərdə ADU-nun rektoru Murtuz Nəcəf oğlu Ələsgərov, 1996-1998-ci illərdə Misir Cümayıl oğlu Mərdanov olub.
Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilib və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.
1991-ci ildə isə Azərbaycan Dövlət Universitetinə bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş M.Ə.Rəsulzadənin adı verilib. Nəhayət, 2001-ci ildən universitet ilk təsis edildiyi kimi, Bakı Dövlət Universiteti adı ilə təsdiqlənib.
Bakı Dövlət Universiteti Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamı ilə Təhsil Nazirliyinin (İndi - Elm və Təhsil Nazirliyi) tabeliyində publik hüquqi şəxs statusu alıb. Bu sərəncamın tətbiqi ilə əlaqədar Bakı Dövlət Universitetinin özünüidarə statusu ləğv edilib.