Niderlandlı yarımmüdafiəçi Corcinyo Veynaldum Səudiyyənin “Əl-İttifak” futbol klubu ilə üç illik müqavilə imzaladı.
Bu barədə məşhur jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabından məlumat yayıb.
O bildirib ki, Veynaldum Səudiyyə klubunda Cerrard və Hendersona qoşulacaq. PSJ isə bu sövdələşmədən 10 milyon avro paket alacaq.
Xatırladaq ki, “Əl-İttifaq”a “Liverpul”un əfsanəsi Stiven Cerrard rəhbərlik edir, səudiyyəlilər həmçinin İngiltərə klubunun keçmiş kapitanı Cordan Hendersonla da müqavilə imzalayıb.
Veynaldumun PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Niderlandlı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında İtaliyanın “Roma” klubunda keçirib. Oyunçu klubun heyətində 23 oyuna çıxıb, iki qol vurub.
“Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, son bir neçə ildir Səudiyyə Ərəbistanı klubları Avropanın top komandalarında oynayan futbolçuları ardıcıl olaraq heyətlərinə cəlb edirlər.